BAKI, 16 mart. TELEQRAF

Yəmənin Ənsarullah (Husilər) hərəkatı ABŞ-nin Yəmən ərazisinə hava hücumlarının cavabsız qalmayacağını bildirib.

Teleqraf xəbər verir ki, hərəkatın siyasi bürosu bəyanatı "Al Masirah TV"də səsləndirib.

“Təcavüzə sərt cavab verəcəyik. Yəməndəki silahlı qüvvələrimiz eskalasiya qarşı durmağa hazırdır”, - bəyanatda deyilir.

Qeyd edək ki, martın 15-i Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. Daha sonra ABŞ Mərkəzi Komandanlığı Ənsarullah hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Əməliyyatın hədəfi Husilərin strateji məntəqələrini sıradan çıxarmaqdır. Məqsəd isə Amerikanın maraqlarını qorumaq, təhdidlərin qarşısını almaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.