BAKI, 16 mart. TELEQRAF

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Buzovnada "Xrustalnı" deyilən ərazidə yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Bu haqda Teleqraf-a Z.Əliyevin oğlu Səttar Əliyev məlumat verib.

"Atam uzun sürən xəstəlikdən əziyyət çəkirdi. İki ay idi ki, səhhəti pisləşmişdi. Bu gün axşam saatlarında vəfat etdi", - deyə S.Əliyev bildirib.

***

22:02

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Ziyadxan Əliyev 20-dən çox monoqrafiyanın və yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. Z.Əliyev, həm də Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki "Tənqid və sənətşünaslıq” bölməsinin sədri kimi milli incəsənətimizi təbliğ edib. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976-1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür.