BAKI, 10 mart. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa 6-7 martda Latakiyada baş verən hadisələrin araşdırılması üçün müstəqil istintaq komitəsinin yaradıldığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının müvafiq məsələ ilə bağlı verdiyi yazılı açıqlamada bildirilib.

Bildirilib ki, komitə mülki şəxslərə qarşı törədilmiş qanun pozuntularını tədqiq etmək, dövlət qurumlarına, təhlükəsizlik qüvvələrinə və orduya qarşı hücumları, o cümlədən hadisələrin səbəblərini və gedişatını araşdırmaq səlahiyyətinə malik olacaq.

Həmçinin, ehtiyac yarandıqda mütəxəssislərdən dəstək almaq hüququna sahib olacaq və bütün dövlət qurumları komitə ilə tam əməkdaşlıq etməyə borcludur.

7 nəfərdən ibarət istintaq komitəsinin 30 gün ərzində hadisələrlə bağlı geniş hesabat hazırlayaraq Suriya Prezident Administrasiyasına təqdim edəcəyi gözlənilir.

Bununla yanaşı, Prezident Administrasiyası sahil bölgəsində, xüsusilə Latakiya və Tartus əyalətlərində vətəndaşlarla birbaşa əlaqə qurmaq məqsədilə xüsusi komitənin yaradıldığını açıqlayıb.

Yeni komitə bölgə əhalisinin problemlərini dinləmək, onların təhlükəsizliyini təmin etmək və həssas dövrdə milli birliyi gücləndirmək üçün fəaliyyət göstərəcək.

Prezident Əhməd Şaraa komitənin vətəndaş sülhünü qorumaqla yanaşı, xarici qüvvələrin Suriyanı parçalamaq və ölkənin sabitliyini sarsıtmaq cəhdlərinə qarşı mübarizə aparacağını vurğulayıb.