BAKI, 10 mart. TELEQRAF

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı (U23) davam edir.

Teleqraf xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyana 1:2 hesabıyla məğlub olaraq, gümüş medal qazanıb.

Ağanəzər Novruzov (74 kq) həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşıb. İlk hissədə 0:5 geri düşən Ağanəzər görüşün sonlarında fəallaşıb. Rəqibindən 4 xal almağı bacaran Novruzov minimal fərqlə məğlub olub və ikinci yeri tutub.

Arseniy Djioyev (86 kq) finalda fransalı Raxim Maqamadovla üz-üzə gəlib. Görüşü 9:2 hesablı qələbə ilə başa vuran Azərbaycan təmsilçisi Avropa çempionu olub.

Sadiq Mustafazadənin (92 kq) bürünc medal uğrunda gürcüstanlı Sandro Kuraşviliylə qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibini 5:3 hesabıyla üstələyən Sadiq bürünc medalı boynundan asıb.

Yusif Dursunov (125 kq) gündüz seansında baş tutan təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskini mübarizədən kənarlaşdırıb – 4:2. Dursunov daha sonra türkiyəli idmançıya “tuş”la qalib gələrək üçüncü yeri tutub.