
BAKI, 11 mart. ТELEQRAF.
Martın 11-də Parisdə keçiriləcək danışıqlarda 30-dan çox ölkənin hərbi nümayəndələri iştirak edəcək.
Teleqraf "Associated Press"-ə istinadən xəbər verir ki, tədbirdə Ukrayna naminə beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılması məsələsi müzakirə ediləcək.
Görüşdə Xorvatiya, Monteneqro və ABŞ istisna olmaqla, NATO-ya üzv olan 32 ölkənin, demək olar ki, hamısının nümayəndələri iştirak edəcəklər.
ABŞ-nin görüşə dəvət edilməməsinin səbəbi də açıqlanıb - Avropa ölkələri Ukraynada təhlükəsizliyin qorunması üçün məsuliyyəti öz üzərinə götürməyə qadir olduqlarını nümayiş etdirmək istəyirlər.
Danışıqlarda Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanın təmsilçiləri onlayn şəkildə iştirtak edəcəklər.
Agentliyin məlumatına görə, danışıqların birinci hissəsində Fransa və Böyük Britaniyanın Ukraynaya dair planı təqdim olunacaq, bundan sonra görüş iştirakçıları təşəbbüsdə iştirakları ilə bağlı fikirlərini bildirəcəklər.
Xəbərdə deyilir ki, Fransa və Britaniya atəşkəs yaranandan sonra Ukraynaya təhlükəsizlik qüvvələrinin göndərilməsinə ümid edir.