
BAKI, 11 mart. TELEQRAF
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında (U23) sərbəst güləş yarışına yekun vurulub.
Teleqraf xəbər verir ki, Azərbaycan yığması rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komanda hesabında Avropa çempionu olub.
İlk dəfə 2022-ci ildə U23 Avropa çempionatında titula sahib çıxan sərbəst güləşçilər artıq 4 ildir baş mükafatı özündə saxlayır. Budəfəki uğur rekord göstəricilərlə əlamətdar olub. Azərbaycan komandası həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yeniləyib.
Belə ki, yığma komanda ilk dəfə bu yarışda 10 çəkidən 9-da medal qazanıb. İlk dəfə 5 sərbəst güləşçi qitə birinciliyinin finalında güləşib. Komanda yekun sıralamada 169 xalla toplamaqla özünün yeni xal rekordunu müəyyənləşdirib. Milli ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqlayıb. Ukrayna 104 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, millinin tərkibində Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.