BAKI, 13 fevral. TELEQRAF

Avropa ölkələri Ukraynaya dəstəyi gücləndirməyə və müharibə ilə bağlı istənilən danışıqları tələb etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Polşa, Almaniya, Avropa İttifaqı və Ukrayna xarici işlər nazirlərinin birgə Paris bəyanatında bildirilir .

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda qeyd olunur ki, bu ölkələr “Ukraynanın və onun avropalı müttəfiqlərinin maraqlarını təmin edən” ədalətli, hərtərəfli və davamlı sülh əldə olunana qədər Ukraynaya əlavə dəstək vermək məqsədini bölüşürlər.

Sənəddə deyilir: "Biz amerikalı müttəfiqlərimizlə gələcək planları müzakirə etməyi səbirsizliklə gözləyirik. Ümumi məqsədlərimiz Ukraynanın güclü mövqeyini qoruyub saxlamasını təmin etməkdir. Ukrayna və Avropa istənilən danışıqlara daxil edilməlidir".

Nazirlər qeyd ediblər ki, Ukraynaya güclü təhlükəsizlik təminatı verilməlidir.

"Avropanın təhlükəsizliyinə görə biz hamımız məsuliyyət daşıyırıq. Buna görə də kollektiv müdafiə qabiliyyətimizi gücləndirmək üçün birlikdə çalışmalıyıq”, - deyə XİN rəhbərləri fikirlərini yekunlaşdırıblar.