BAKI, 12 fevral. TELEQRAF

Dünya ölkələrinin hərbi xərcləri keçən il 2,5 trilyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 7,4 faiz çoxdur. Hərbi xərclərin artmasının əsas səbəbi Ukraynada davam edən müharibədir.

Teleqraf xəbər verir ki, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) qlobal hərbi imkanların illik qiymətləndirilməsini özündə əks etdirən “Hərbi Balans 2025” hesabatını təqdim edib.

Hesabatda qeyd olunub ki, qlobal hərbi xərclərin real artımı 2023-cü ildə 6,5 faiz, 2024-cü ildə 7,4 faizə artıb. Bu, 2022-ci ildə 3,5 faiz olub. Hərbi xərclər 2024-cü ildə Afrika istisna olmaqla, bütün regionlarda artıb.

Hərbi xərclərin qlobal Ümumi Daxili Məhsulda (ÜDM) payı ötən il 1,94 faizə yüksəlib. 2022-ci ildə bu göstərici 1,59 faiz, 2023-cü ildə isə 1,8 faiz olub.

Rusiya isə hərbi xərclərinin 41,9 faiz artıraraq 145,9 milyard dollara çatdırıb. Bu da ölkənin ÜDM-nun 6,7 faizinə bərabərdir.

Avropanın (Böyük Britaniya və 27 üzvü olan Avropa İttifaqı) müdafiə büdcələri keçən il 11,7 faiz artaraq 457 milyard dollara çatdıb. Avropanın hərbi xərcləri son 10 ildə (2014-cü ildən sonra) 50 faiz artıb.

Almaniyanın müdafiə büdcəsinin keçən il 23 faiz artaraq 86 milyard dollara, İngiltərənin isə 81 milyard dollara çatıb. Çinin hərbi xərcləri keçən il 7 faiz artaraq 235 milyard dollar olub.

Hesabatda o da qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp Avropa ölkələri və Kanadanın hərbi xərclərini daha da artırmalarını istəyib. O təklif edib ki, NATO üzvləri ÜDM-un 5 faizini hərbi xərclərə ayırmalıdır.

Türkiyənin 2024-cü il üzrə müdafiə və təhlükəsizlik büdcəsi 47 milyard 450 milyon dollar olub.

Azərbaycanın 2025-ci il üçün müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

2020-ci ildə müharibə zamanı Ermənistanın hərbi xərcləri 600 milyon dollar olub. 2024-cü ildə bu rəqəm 1,4 milyard, 2025-ci ildə isə 1,7 milyard dollar olub.