![](https://teleqraf.az/storage/2025/02/13/715x378/artur-xachikyan.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Azərbaycan, Türkiyə və İsrailin təzyiqi altında olan Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Zəngəzur dəhlizinin taleyini həll edəcəklər.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
“Türkiyə və Azərbaycan öz nüfuzlarından Zəngəzur dəhlizini əldə etmək, Sünikdə (Qərbi Zəngəzur – red.) azərbaycanlıları məskunlaşdırmaq, İsrail isə Trampın təklifi əsasında fələstinliləri Qəzza zolağından çıxarmaq üçün istifadə edir”, - ekspert bildirib.
Xaçikyanın fikrincə, böyük dövlətlərin Ermənistanda heç bir strateji maraqları yoxdur, buna görə də onlar seçimlərini Azərbaycan və Türkiyədən yana edəcəklər:
“Ermənistanın Rusiya və ABŞ-yə yönəlik siyasəti tamamilə iflasa uğrayıb. Qarşıdakı dövrdə Ermənistanın özünümüdafiə rıçaqları olmayacaq.
Ermənistan hökuməti ABŞ ilə bağlı siyasətində uğursuzluğa düçar oldu, Tramp administrasiyası ilə heç bir əlaqə qura bilmədi. Ermənistanın Vaşinqtonda heç bir əlaqəsi vasitəsi və təsir rıçaqları yoxdur. Bu, Nikol Paşinyanın Vaşinqtona son uğursuz səfərindən sonra aydınlaşdı. Heç kim onun fərqinə varmadı, kimsə görmədi, heç kim haqqında yazmadı, səfərin qeyri-rəsmi selfidən (ABŞ-nin vitse prezidenti Ceyms Devid Venslə) başqa nəticəsi olmadı.
Hökumətin Rusiyaya qarşı siyasəti də tamamilə alt-üst olub, yeddi ildir ölkədə şiddətli anti-Rusiya təbliğatı aparılır. Ermənistanın taleyi yenidən onun iştirakı olmadan həll olunacaq, o, bu vaxt dəhlizdə gözləyəcək.
İsrail, Türkiyə və Azərbaycanın təzyiqi altında olan Putin və Tramp çox güman ki, Zəngəzur dəhlizinin taleyini həll edəcək. Onlar İrana bu məsələdə güzəştə getməsi üçün təzyiq edə bilərlər.
Qafqazın taleyi müzakirə olunacaq, ümid edək ki, bu, İsrail və Azərbaycanla müttəfiqlik yolu ilə Türkiyənin nüfuzunun güclənməsinə səbəb olmayacaq, ya da Ermənistan Türkiyənin əlinin altına verilməyəcək. Yeddi ildir sərt anti-Rusiya siyasəti yürüdən hökumətlə Moskvanın köməyinə ümid etmək çətindir. Trampın maraqları da İsrail, Türkiyə və Azərbaycanla bağlıdır”.
Xaçikyanın proqnozuna görə, Putin və Tramp arasında gələcəkdəki görüşün nəticəsi olaraq, Zəngəzur Bakı və Ankaranın nəzarətinə veriləcək.