BAKI, 13 fevral. TELEQRAF

Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edib.

Teleqraf xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Səfir Birol Akgün Türkiyə Prezidentinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Dövlət başçısı qeyd edib ki, bu gün dünya miqyasında ən yaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur. İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu xüsusda, Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd edib.

Türk dünyasının bizim ailəmiz olduğunu vurğulayan dövlətimizin başçısı bunu Milli Məclisdə Azərbaycan Prezidenti kimi andiçmə mərasimində bir daha dediyini xatırlatdı.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunulub, bu xüsusda ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü və üzvlüyümüzün qardaş Türkiyə tərəfindən dəstəklənməsi bir daha vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır. Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulanıb ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır. Bu gün Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun Cənubi Qafqaz regionunda, eyni zamanda, onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanəti olduğu bir daha qeyd edilib.

Səfir Azərbaycan-Türkiyə münasibətlərinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib.

Azərbaycanın möhtəşəm Qarabağ Qələbəsini xüsusilə qeyd edən Birol Akgün həmin dövrdə də bütün Türkiyə xalqının nəbzinin Azərbaycan xalqı ilə birlikdə döyündüyünü xatırlatdı, bu Zəfər münasibətilə dövlətimizin başçısına və xalqımıza bir daha təbriklərini çatdırılıb.

10:15

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.