![](https://teleqraf.az/storage/2025/01/22/715x378/vladimir-putin-presidente-da-russia.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə son qoymaq üçün gələcək sülh danışıqlarında kompromisə getməkdə maraqlı deyil.
Teleqraf xəbər verir ki, bu qənaətə ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski və Putinlə danışıqlarını şərh edən Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəliblər.
Kremlin danışıqlarla bağlı bəyanatına istinad edən institut bildirir ki, Putin Trampa “müharibənin əsas səbəbləri”ni aradan qaldırmağın zəruriliyini vurğulayıb və bu şərtlə danışıqlara razılıq verib.
ISW qeyd edir ki, Kreml “müharibənin əsas səbəbi” kimi NATO-nun şərqə doğru irəliləməmək üzrə öhdəliklərini pozması olaraq müəyyən edib. ABŞ analitikləri əmindirlər ki, bu, Kremlin öz iradəsi və maraqlarını Amerika və Avropaya sırımaq ideyasını davam etdirdiyini və güzəştə getməkdə maraqlı olmadığını göstərir.
“Moskvanın son bəyanatları Putinin qarşıdan gələn danışıqlarda kompromisdə maraqlı olmadığını, yalnız Ukrayna ilə bağlı bütün tələblərini təmin edən sülh razılaşmasına nail olmağa çalışdığını təsdiqləyir”, - məqalədə vurğulanır.