BAKI, 12 fevral. TELEQRAF

PKK terror təşkilatının lideri Abdullah Öcalanın gözlənilən çağırışını dayandırmaq üçün hazırlıq görülür.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, terror təşkilatının Suriya qanadı YPG-dən yeni qanlı planla bağlı etiraf gəlib.

Təşkilat üzvü Fərhan Suriyada hakimiyyət dəyişikliyindən sonra bir sıra qüvvələrlə təmasların hədsiz dərəcədə artdığına diqqət çəkib. Onun sözlərinə görə, Bağdad, Süleymaniyyə və Mosulda “Kürdüstan Vətənpərvərlər Birliyi”, İrana bağlı “Həşd Şabi” və devrilmiş Əsəd rejiminin fiqurları ilə görüşlər keçirilir:

“Hücum Qəndildən (PKK düşərgəsindən) verilən təlimatla planlaşdırılır. İraqda zəif nöqtələri vurmaq planı var”.

Suriya Prezidenti Əhməd Şəranın Türkiyəyə səfərinin Qəndili qəzəbləndirdiyini deyən Fərhan qeyd edib:

“Suriyada silahlı və siyasi qanadlar arasında ciddi müzakirələr gedir. Dəməşqlə danışıqların tərəfdarı olan ciddi qrup var. Qəndil isə hazırda Suriyada olan 8-10 minlik üzvünün ölkədən çıxmayacağını, lazım gələrsə dağlıq bölgələr və Latakiyaya keçərək varlıqlarını davam etdirəcəklərini bildirir. Bölgəyə çoxlu sayda kamikadze qrupları gətirilib. Şimal və şərqdəki hücumları İran və rejim qalıqları da dəstəkləyir”.

Terrorçu deyib ki, İrana bağlı birləşmələr və Əsədə sadiq hərbçilər Raqqada diviziya yaradırlar”.

Fərhan vurğulayıb ki, PKK Öcalanın gözlənilən çağırışı ilə hərəkət etməyəcək: “Fikirləri budur ki, Öcalan nə desə də, Suriya və İraqda heç bir cavab verilməyəcək. Əslində bu bəyanat sabotaj ediləcək”.

Fərhan onu da bildirib ki, son həftələr Suriyaya yeni terrorçular gətirilib:

“Qəndil əmr verib ki, köhnə kadrlar Suriyada qalacaq. Paralel olaraq, İraq və İrandan 7-8 min nəfərlik əlavə qüvvələr veriləcək. Nüsrilər, “Həşd Şabi” və Peşmərgə də prosesin mühüm komponentləridir”.

Qeyd edək ki, Öcalanın rəhbərlik etdiyi terror təşkilatını silahlı mübarizəni dayandırmağa və ya tərksilah olmağa çağıracağı gözlənilir.