BAKI, 12 fevral. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə ekspertləri ABŞ Prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və ora sahib olmaqla bağlı səsləndirdiyi təhdidləri sərt tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə 30-dan çox müstəqil ekspert tərəfindən qəbul olunan birgə bəyanatda bildirilib.

Qeyd olunub ki, böyük güc tərəfindən bu cür açıq-aşkar pozuntular qlobal miqyasda sülh və insan hüquqları üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq və dünyanı müstəmləkə dövrünün qaranlıq günlərinə qaytaracaq.

“Xarici ərazilərə güc yolu ilə girmək və ilhaqa əl atmaq, əhalini zorla ölkəsindən çıxarmaq, Fələstin xalqını öz müqəddəratını təyin etmək, Qəzzanı suveren Fələstin dövləti tərkibində saxlamaq hüququndan məhrum etmək açıq-aşkar qanuna ziddir”, - ekspertlər vurğulayıb.

Bəyanatda, həmçinin ABŞ prezidentinə İsrail-Fələstin münaqişəsinin həlli yolları ilə bağlı müxtəlif tövsiyələr təklif olunub: “Tramp davamlı atəşkəs üçün təzyiq göstərməli, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyini (UNRWA) maliyyələşdirməni bərpa etməli, silah transferlərinə son qoymalı və fələstinlilərə ABŞ-nin İsrailə verdiyi silah və sursatlar nəticəsində dəyən zərərin ödənilməsini təmin etməlidir”.