Rusiya hökuməti Ukraynanı işğal etməzdən əvvəl üç məqsədə çatmağı planlaşdırsa da, indiyədək heç birinə nail ola bilməyib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Rusiyanın üç məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etmək , onun suverenliyini və müstəqilliyinin üstündən xətt çəkmək; Rusiya hakimiyyətinin gücünü təsdiqləmək və Qərbi parçalamaq. Hər üç cəbhədə uğursuz oldu”, - Blinken bildirib.

Onun sözlərinə görə, Ukrayna xalqı Rusiya işğalına qarşı daha da birləşib:

“Bu, suveren, müstəqil Ukraynadır və Vladimir Putindən daha uzun müddət yaşayacaq. Rusiyanın gücü faktiki olaraq əhəmiyyətli dərəcədə azalıb. Onun silahlı qüvvələri gözləniləndən çox pis performans göstərdi. Onun iqtisadiyyatı tənəzzülə uğrayır. Və təbii ki, NATO və Qərb heç vaxt olmadığı qədər birləşib. Yalnız bu səbəbdən biz Rusiyanın dramatik uğursuzluğunu artıq görürük”.

Blinken qeyd edib ki, Bayden administrasiyası dövründə ABŞ artıq Ukraynaya 2.3 milyard dollardan çox vəsait verib.