BAKI, 7 avqust. TELEQRAF

“Rusiya 2008-ci ildə baş verən müharibə zamanı Gürcüstanı tamamilə məhv etmək istəyirdi”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Rusiya bizə nəyi bağışlamadı və 2008-ci ilin avqustunda niyə Gürcüstana hücum etdi? Çünki 2003-cü ildə “Qızılgül” inqilabını qansız həyata keçirdik. Bu inqilab imperiyanın keçmiş ərazilərində yerləşən digər ölkələr üçün nümunə oldu. Xüsusilə Ukrayna bizdən örnək götürdü və “Qızılgül” inqilabından cəmi bir il sonra “Narıncı” inqilabı reallaşdırdı. Ardınca Qırğızıstanda da oxşar inqilab nəticəsində hakimiyyət dəyişdi.

Onlar bizə inqilabdan sonra həyata keçirdiyimiz görünməmiş, başgicəlləndirici islahatları da bağışlamadılar. Gürcüstanı qısa müddətdə Rusiyanın bataqlığından çıxardıq. Bütün postsovet xalqlarına göstərdik ki, dəyişiklik mümkündür və heç kim Rusiya təsiri altında yaşamağa məhkum deyil”, - o bildirib.

Saakaşvili qeyd edib ki, Rusiya həmçinin Gürcüstanı sürətlə Qərbə inteqrasiyaya və bu istiqamətdə digər postsovet ölkələri üçün yolgöstərənə çevrilməsinə görə bağışlamır:

“Putin ondan qorxdu ki, Rusiyanın özündə həm xalq, həm də onun ətrafı ucadan sual verməyə başlamışdı: “əgər Gürcüstanda belə müsbət dəyişikliklər mümkündürsə, niyə bunlar Rusiyada həyata keçirilmir?”.

Rusiya buna görə də Gürcüstanı məhv etmək qərarına gəldi. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibinə açıq şəkildə belə demişdi:

“Məqsədimiz Gürcüstanı tamamilə məhv etməkdir”.