BAKI, 3 avqust. TELEQRAF
“Qarşıdakı dövrdə bizi böyük işlər gözləyir, bunlar hazırkı gündəliyimizin tərkib hissəsidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Baş nazir Administrasiyasının yeni rəhbəri Lilit Makuntsun təqdimat mərasimində deyib.
“Mən həmin geniş gündəliyi Ermənistan dövlətçiliyinin davamlılığının təmin edilməsi gündəliyi kimi qiymətləndirirəm. Qarşıdakı beşillik dövr bizim üçün yeni imkanlar açır və yeni çağırışlar gətirir. Ümid edirəm, bu imkanları görəcək və onlardan istifadə edə biləcəyik, həmçinin qarşıdakı çağırışları düzgün idarə edəcəyik. Biz artıq təcrübəli hökumətik. Bu isə həm üstünlüklər, həm də çatışmazlıqlar yaradır. Üstünlük ondan ibarətdir ki, topladığımız təcrübə istifadə etməyi bacarmalı olduğumuz resursdur. Çatışmazlıq isə ondan ibarətdir ki, bu işin gündəlik hala çevrilməsi müəyyən mənada süstlük yarada bilər, bundan yayınmaq üçün hər şeyi etməliyik. Əminəm ki, bunu birlikdə bacaracağıq”, - hökumət başçısı bildirib.