BAKI, 29 iyul. TELEQRAF
Ləğv edilmiş separatçı rejimin “müdafiə naziri” general Cəlal Arutyunyanın cəzaçəkmə şəraiti dəyişdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistan Korrupsiyaya qarşı Mübarizə Məhkəməsindən bildirilib ki, İrəvan Yurisdiksiya Cinayətlər Məhkəməsi C.Arutyunyanın cəzaçəkmə müəssisəsinin rəisinin qərarına qarşı verdiyi şikayəti təmin edib.
Qərara əsasən, o, bundan sonra cəzasını daha yüngül rejim şəraitində çəkəcək.
Qeyd edək ki, məhkəmə 2025-ci il yanvarın 15-də Cəlal Arutyunyanı Ermənistan Cinayət Məcəlləsinin 550.3-cü maddəsi ilə təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. İyunun 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Kassasiya Məhkəməsi isə şikayətləri icraata qəbul etmədiyindən hökm sentyabrın 26-da qanuni qüvvəyə minib və Arutyunyan oktyabr ayında cəzaçəkmə müəssisəsinə köçürülüb.
Xatırladaq ki, C.Arutyunyan 44 günlük müharibə zamanı Qarabağda Azərbaycan ordusunun PUA zərbəsi ilə yaralanmışdı. Hərbi cinayətkarın hərəkətdə olan maşını dronla vurulsa da, xilas ola bilmişdi.