BAKI, 29 iyul. TELEQRAF
Ermənistan Baş Prokurorluğu oliqarx, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan və onunla əlaqəli şəxslərdən ümumi dəyəri 105,87 milyard dram olan əmlakın dövlət xeyrinə müsadirə edilməsini tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.
Məlumata görə, bura 75 daşınmaz əmlak daxildir. Bunlar arasında İrəvanın Nor Nork rayonunda yerləşən 52 mənzil, “Abovyan” küçəsində 5 mənzil, Kotayk vilayətində 11 mənzil, eləcə də digər daşınmaz əmlaklar yer alır.
Bundan başqa, daha 10 əmlakın, 42 nəqliyyat vasitəsinin və 38 hüquqi şəxsdəki iştirak payının müsadirəsi tələb olunur. Həmin hüquqi şəxslər arasında “Multi Group Concern” MMC, “Multi Avtotrans” MMC, “Onira Club” MMC və digər şirkətlər də var.
Baş Prokurorluğun iddiasında irəli sürülən pul tələbi 105 milyard 865 milyon 865 min 226 dram təşkil edir.
Qurumun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi İşləri İdarəsinin rəisi Koryun Serobyan xatırladıb ki, artıq məhkəmə Baş Prokurorluğun vəsatətini təmin edərək iddianın təminat tədbiri kimi “Araratsement” ASC-nin idarəçiliyinin müvəqqəti olaraq dövlətə verilməsi barədə qərar qəbul edib.