BAKI, 29 iyul. TELEQRAF

“İrəvan İranın Ermənistana ixrac etdiyi qazın həcminin artırılması təklifini dəstəkləyir”.

Teleqraf xəbər verir ki, bunu İrana üçgünlük səfərdən qayıtdıqdan sonra Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan deyib.

Nazirin sözlərinə görə, qazın elektrik enerjisi müqabilində mübadiləsi proqramı çərçivəsində İrandan alınan qazın həcmini ən azı iki dəfə artırmaq mümkündür.

Xudatyan qeyd edib ki, tərəflər bu əməkdaşlığın genişləndirilməsi ilə bağlı şifahi razılığa gəliblər. Onun sözlərinə görə, qalan məsələlər yaxın vaxtlarda yaradılacaq işçi qrupları tərəfindən müzakirə ediləcək:

“Razılaşdıq ki, Ermənistanın daha çox qaz almağa, İranın isə daha çox elektrik enerjisi əldə etməyə ehtiyacı var. Mövcud qaz kəmərinin ötürmə qabiliyyəti hazırda nəql olunan qazın həcmindən daha yüksəkdir”.

Xudatyan vurğulayıb ki, mövcud qaz kəmərinin imkanları və tikintisi davam edən 400 kilovoltluq elektrik ötürmə xətti layihəsi qaz-elektrik mübadiləsinin həcmini ən azı iki dəfə artırmağa şərait yaradır:

“İrana ən azı iki dəfə çox elektrik enerjisi ixrac edə və bunun müqabilində iki dəfə çox qaz ala bilərik. Əslində, qaz kəmərinin ötürmə gücü bundan da böyük həcmlərə imkan verir”.