BAKI, 16 aprel. TELEQRAF

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının saytında bildirilib.

Matviyenko görüşdə Rusiya-Azərbaycan münasibətlərinin inkişaf üçün böyük potensiala malik olduğunu deyib: “Biz Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə sadiqik”.

Fürsətdən istifadə edərək Federasiya Şurasının sədri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ən xoş arzularını çatdırmağı xahiş edib.

Matviyenko “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə ilə bağlı məsələlərin həlli prosesinin başa çatdırılmasının vacibliyini qeyd edib və Azərbaycan tərəfinə başsağlığı verib.

Həmsöhbətlər Rusiya və Azərbaycan parlamentariləri arasında əlaqələrin müntəzəmliyini vurğulayıblar.

Ötən ilin sonunda Moskvada Federasiya Şurası və Milli Məclis arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclası keçirilib, növbəti iclas isə Bakıda planlaşdırılıb.

Valentina Matviyenko bildirib ki, 13-cü Rusiya-Azərbaycan Regionlararası Forumunun tarixi və yeri ilə bağlı Azərbaycanın təklifini gözləyirlər: “Hazırda Rusiya Federasiyasının yetmişdən çox subyekti Azərbaycanla münasibətlər qurub”.

Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını çatdırıb və iki ölkə arasında hərtərəfli əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu bir daha təsdiqləyib.

Söhbət zamanı İran ətrafındakı vəziyyətə toxunulub. Federasiya Şurasının sədri xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə, eləcə də Rusiyadan İran xalqına Azərbaycan vasitəsilə humanitar yardımın çatdırılmasını asanlaşdırdığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Valentina Matviyenko və Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyası və Parlamentlərarası Birlik də daxil olmaqla, beynəlxalq parlament forumlarında ikitərəfli əməkdaşlığın ənənəvi olaraq yüksək səviyyədə olduğunu qeyd edib.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.