BAKI, 9 aprel. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətdə qalacaq, müharibə də olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi analitik Arsen Xaratyan deyib.

Rusiya Prezidenti Vladimir Putinin Moskvada Nikol Paşinyanla son görüşündəki davranışlarını şərh edən ekspert bildirib:

“Bu görüş təbiəti, məzmunu və forması baxımından təkcə erməni ekspertləri, siyasi qrupları və mətbuatı yox, həm də Rusiya üçün böyük sürpriz oldu. Bəzi beynəlxalq nəşrlər də bu görüşə diqqət ayırdılar, bu da məsələnin yalnız Ermənistan və Rusiya ilə bağlı olmadığını, Moskvanın da çatdığı yeri göstərir. Çünki belə söhbətlər adətən qapalı qapılar arxasında aparılır”.

Xaratyan qeyd edib ki, görüşün Ermənistan üçün gözlənilməz olacağı əvvəldən bəlli idi: “Əvvəlki 31 görüşdə Vladimir Putin heç vaxt belə davranmamışdı, amma Nikol Paşinyan olduqca aydın cavablar verə və vəziyyətdən çıxa bildi”.

Politoloqun fikrincə, Ermənistan iqtisadiyyatı və enerji sisteminin Rusiyadan dərin asılılığı baxımından Moskvanın əlində bəlli rıçaqlar var: “Amma mən dəfələrlə söyləmişəm ki, ucuz qaz görə siyasi və müstəqillik baxımından böyük bədəl ödəyirik. Bəli, qazı bazar qiymətləri ilə almalı və başqa bazarlar və həll yolları axtarmalıyıq, amma müstəqillik və suverenlik önəmlidir”.

Baş nazirliyə namizəd rusiyalı oliqarx Samvel Karapetyanın açıqlamalarına toxunan Xaratyan vurğulayıb ki, o və komandası Nikol Paşinyan administrasiyasını “Rusiyaya təhlükə” kimi təqdim etməyə cəhd edir: “Onların mübarizəsi bu komandanın hakimiyyətdə qalacağı təqdirdə müharibənin qaçılmaz olacağı məntiqi üzərində qurulub. Mən buna inanmıram”.

Paşinyanın səfəri zamanı erməni diasporunun Moskvada keçirdiyi etiraz aksiyası barədə Xaratyan vurğulayıb ki, bunun Rusiya hakimiyyəti tərəfindən idarə olunduğu və təşviq edildiyi açıq-aydın görünür:

“Onların Rusiyada Türkiyə ilə sərhədi varmı? Deyəsən, yoxdur. Diasporun Azərbaycanla sərhədi varmı? Deyəsən, yoxdur. Amma orada oturub burada bizə necə yaşamağı öyrədirlər. Əlbəttə, hər kəsin danışmaq hüququ var, amma ümid edirəm ki, onlar başqa ölkənin əlində alət deyillər”.