BAKI, 6 mart. TELEQRAF
Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Artur Ovannisyan İrandakı müharibə fonunda Ermənistanın ABŞ və Azərbaycanla müqavilələri üçün heç bir risk görmür.
Teleqraf xəbər verir ki, hakim fraksiyanın üzvlərinə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dünən baş tutan söhbət və İranla bağlı vəziyyətin İrəvanla Bakı arasındakı razılaşmalara təsir edib-etməyəcəyi barədə suallar verilib.
“Baş verənləri izləyirik və sərhədimizdəki vəziyyətlə bağlı bütün risklər müvafiq orqanlara ünvanlanır”, - Ovannisyan bildirib.
Fraksiyanın digər nümayəndəsi Arman Yeqoyan əlavə edib ki, Ermənistanın bütün tərəflərlə qurduğu münasibətlər yalnız müsbət vəziyyətdən xəbər verir: “İndiyə qədər etdiyimiz bütün hesablamalar və əldə etdiyimiz razılaşmalar göstərir ki, Ermənistan hazırda mümkün olan ən yaxşı durumdadır”.
Dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın Naxçıvana PUA hücumundan sonra azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb. Mirzoyan və Bayramov regionda baş verən son hadisələr barədə fikir mübadiləsi aparıb, narahatlıqlarını ifadə ediblər və gərginliyi daha da artırmağa yönəlmiş hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıblar.