BAKI, 5 fevral. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti “son dərəcə mürəkkəb” adlandıraraq, əsas məsələnin ərazi problemi olaraq qaldığını bildirib.

Teleqraf xəbər verir ki, o, Qazaxıstanın tərəflər arasında vasitəçi olmağa can atmasa da, danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu deyib.

“Vəziyyət olduqca mürəkkəbdir, əsas məsələ ərazilərlə bağlıdır. Qazaxıstan münaqişənin yalnız siyasi-diplomatik yolla həllinin tərəfdarıdır. Fikrimizcə, sülhə aparan yol qarşıdurma tərəfləri arasında danışıqlardan keçir. Qazaxıstan vasitəçi roluna iddia etməsə də, imkan yaranarsa, danışıqlar üçün neytral platforma təqdim etmək də daxil olmaqla, xoşməramlı xidmətlərini göstərməyə hazırdır”, - o qeyd edib.

Xatırladaq ki, Kasım-Jomart Tokayev 2025-ci ilin dekabrında da Qazaxıstanın Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim edə biləcəyini açıqlamışdı.