BAKI, 19 yanvar. TELEQRAF

“Müxalifətin ritorikasının 90 faizi Türkiyə-Azərbaycan mövzusundadır, fikir vermisinizmi? Heç bir siyasi məzmun yoxdur, ritorikalarında ancaq bu sözlər var: “türk”, “azərbaycanpərəst”, “türkpərəst”, “türksevər”, “azərbaycanmeylli”, “vətən xaini”. Bütün danışıq tərzi bundan ibarətdir, əvvəllər bununla uğur qazana bilməmişdilər, bu dəfə də qazanmayacaqlar”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan keçmiş prezident Robert Köçəryanın oğlu, deputat Levon Köçəryanın səsləndirdiyi fikri şərh edərkən bildirib.

“Bir video gördüm, bir vətəndaş orada deyir ki, “qürurumuzu itirmişik, onu bərpa etmək istəyirik, mən xaricdə yaşayıram, orada başqaları ilə rastlaşırıq, əvvəllər qürurla deyirdik ki, erməniyik, indi isə özümü bunu deyəcək qədər qürurlu hiss etmirəm”.

İndi belə deyənlərə sualım var: əgər erməni olmağınızla qürur duyurdunuzsa, niyə Ermənistandan köçmüsünüz? Bəllidir ki, iqtisadi-sosial, ədalət və digər problemlər olub. Min cür səbəb ola bilər, amma bunun özü göstərir ki, Ermənistanda problem olub, məsələn, istəməyiblər ki, oğulları müharibədə həlak olsun və sairə. Bəs ola bilməzmi ki, bir erməni kimi daha böyük qürur məhz dinc Ermənistanda yaşamaq olsun, nəinki erməni olub məcburən köçmək və sonra da demək ki, müharibədə niyə uduzduq, mən özümü qürurlu hiss etmirəm?

Bəlkə qalmaq, Ermənistanda yaşamaq, ölkəni abadlaşdırmaq və sülh şəraitində yaşamaq lazımdır? Əsl qürur məhz dinc Ermənistanda yaşamaqdır”, - o qeyd edib.

Levon Köçəryan bundan əvvəl belə demişdi:

“Ya xalq öz gələcəyini müəyyənləşdirmək hüququnu əlinə alacaq - bu və ya digər qüvvəyə səs verərək, ya da bu gələcəyi Türkiyə və Azərbaycan müəyyən edəcək”.