BAKI, 17 dekabr. TELEQRAF
“Avropa İttifaqının (Aİ) Gürcüstana münasibətdə nümayiş etdirdiyi ikili standartlar utancvericidir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısının sözlərinə görə, Aİ artıq Gürcüstandan açıq şəkildə Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir:
“Bu, bizim əvvəllər danışdığımız bütün məsələlərin tam təsdiqidir. Avropa bürokratiyası artıq açıq şəkildə sanksiyalara qoşulmağı tələb edir, əvvəl buna maksimum ehtiyatla yanaşırdılar, sonra Avropa Parlamentinin qətnaməsində bunu bəyan etdilər, indi isə icraedici qurum (Avropa Komissiyası) da sanksiyalara qoşulmağı tələb edir”.
Kobaxidze əlavə edib ki, Aİ heç vaxt Moldova, Ermənistan və ya başqa bir ölkəyə yeni tələbi qoymayıb:
“Burada da ikili standartlar görünür. Heç kim, məsələn xanım Kallas, deyə bilməz ki, Moldovanın Avropa İttifaqına üzv olmaq istəməməsi ilə bağlı problem var. Hər yerdə ikili standartlar mövcuddur, müəyyən ölkələrin baş nazirləri Avropadan Moskvaya (Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniyadan Rusiyaya səfərini nəzərdə tutur – red.) uça bilirlər. Biz bunun əleyhinə deyilik, bu müvafiq ölkələrin işidir, amma Avropa bürokratiyasının ikili standartlar nümayiş etdirməsi pis haldır, utancvericidir”.