BAKI, 9 dekabr. TELEQRAF

“Gürcüstan NATO-ya üzv olmaq üçün hər şeyi edib, indi top onların meydanındadır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Uzun müddətdir bəyan edirik ki, top tam şəkildə NATO-nun meydanındadır. İllərdir cavab gözləyirik. Bu “açıq qapı” nə deməkdir? Bu sualı hələ o vaxt Eduard Şevardnadze vermişdi ki, “açıq qapı” nə deməkdir?’ Açıq qapı o deməkdir ki, orada sonsuzadək durmalıyıq? Amma açıq qapının da bir riski var ki, adam soyuqlayar, xəstələnər, eyni şey dövlətə də aiddir. Belə vəziyyətdə risklər arta bilər. Təəssüf ki, bəzi bəyanatlar eşidirik: genişlənmə ilə bağlı konsensus yoxdur. Elə bəyanatlar da var ki, məsələn, Ukrayna barədə deyirlər ki, mütləq NATO üzvü olacaq. Bəs əməli addımlar hanı? Bu addımları görmürük” – spiker qeyd edib.

Papuaşvilinin sözlərinə görə, ukraynalılar üç ildən artıqdır NATO üzvü olmaq uğrunda mübarizə aparır, qan tökür, amma onlara normal cavab belə vermirlər - nə “bəli”, nə də “xeyr”.

“Ukraynalılar bilməlidirlər ki, qanlarını nə üçün töküblər. Aydın cavablar vacibdir. Gürcüstan NATO üzvlüyü üçün hər şeyi edib - həm institutsional olaraq, həm də müharibələrdə iştirak etməklə. Top uzun müddətdir NATO-nun meydanındadır. İlk növbədə, Ukrayna xalqına cavab verməlidirlər”.