BAKI, 28 noyabr. TELEQRAF

“Son bir il ərzində Gürcüstan daha da güclənib, daha suveren və müstəqil olub”.

Teleqraf xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze son bir ildə Gürcüstanda keçirilən aksiyalar fonunda vəziyyəti mediaya belə şərh edib.

Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya məsələsi hökumət və ölkəyə təzyiq vasitəsi kimi istifadə olunur:

“Avropa İttifaqı ilə danışıqları biz yox, özləri dayandırıb, Baş nazir İrakli Kobaxidze artıq bunu bəyan edib. Baş nazir, parlament üzvləri, eləcə mən dəfələrlə demişik ki, Gürcüstan hakimiyyəti danışıqlara başlamağa hazırdır, amma onların buna marağı yoxdur, çünki siyasi proses gedir. Çalışırlar ki, avrointeqrasiya yolunu hökumət və ölkəyə təzyiq mexanizmi kimi istifadə etsinlər. Bunun əsas səbəblərindən biri budur ki, biz onların göstərişlərinə tabe olmadıq, (Rusiyaya qarşı) ikinci cəbhə açmadıq, sanksiyalara qoşulmadıq. Bu isə son aylarda bəzi Avropa bürokratlarının dilindən eşitdiyimiz spekulyasiyalar və çirkinliklərin əsas hərəkətverici qüvvəsinə çevrildi”.

Son bir il ərzində ölkə daha da güclənib, daha suveren olub, dünyaya göstərdik ki, Gürcüstan dövlətinə barmaq silkələməklə danışmaq olmaz. Biz müstəqil dövlətik, bunu əcdadlarımız qanı ilə qazanmışıq və heç kəsə imkan verməyəcəyik ki, bunu ayaqlar altına alsın”.