BAKI, 26 noyabr. TELEQRAF

“Gürcüstan Avrointeqrasiya prosesini dayandırmayıb. Avropa İttifaqının özü 2024-cü il 27 iyun tarixində öz təşəbbüsü ilə Gürcüstanla dialoqu dayandırıb, bunun heç bir əsası yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“2024-cü il 27 iyun tarixində Avropa bürokratiyasının özü qərar qəbul edərək, Gürcüstanla dialoqu dayandırıb. Bu, gürcü xalqına qarşı son dərəcə ədalətsiz bir qərardır. Sonra uşaqca bəyan etdilər ki, guya biz dayandırmışıq, halbuki bu, artıq iyunda onlar tərəfindən dayandırılmışdı. Belə bir miqyaslı demoqogiya, Avropa bürokratiyasına yaraşmaz, amma görürük ki, Avropa bürokratiyasında hətta mənəvi prinsiplər də pozulub, bu da təəssüf doğurur. Ümid edirik ki, gələcəkdə bu yanaşmalar və Avropa bürokratiyasının gürcü xalqına münasibəti də dəyişəcək”, - Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, Gürcüstanın xarici siyasət istiqaməti ölkə konstitusiyasında əks olunub:

“Avropa bürokratiyasının yanaşması və qlobal siyasi kontekst dəyişərsə, o zaman qoyulmuş məqsədlərin hamısına çatmaq mümkün olacaq. Amma bu gün qlobal kontekst bu məqsədlərin həyata keçirilməsinə yönəlməyib”.