BAKI, 14 oktyabr. TELEQRAF

“Oktyabrın 4-də prezident sarayına təşkil olunmuş əvvəldən məşq edilmiş hücumun şahidi olduq, bu, tamamilə absurd idi”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili deyib.

Eks-prezident bəzi müxalif qüvvələrin prezident sarayına basqına dəstək verdiyini iddia edib.

Zurabişvilinin sözlərinə görə, hakimiyyətin məqsədi Gürcüstandakı mövcud müqavimət hərəkatını nüfuzdan salmaqdır:

“Bu nümayişkaranə ssenarini yalnız bir səbəbdən oynadılar – Gürcüstanda mövcud müqavimət hərəkatını, artıq 319 gündür küçələrdə olan və ötən ilin noyabrında baş nazirin (İrakli Kobxidze) Avropa İttifaqı ilə danışıqlara dair bəyanatından sonra da dayanmayan bu dinc müqavimət hərəkatını gözdən salmaq üçün. O bəyanatla baş nazir faktiki olaraq Rusiyaya doğru 180 dərəcəlik dönüş etdiyini etiraf etmişdi.

Həmin vaxtdan bəri bu dinc hərəkat küçələrdədir – nə bir maşın yandırılıb, nə bir vitrin sındırılıb. Bu, elə bir hərəkatdır ki, rejim onu dayandıra bilməyib”.

Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, bu hərəkatı dayandırmaq mümkün deyil:

“Dayandıra bilmədiklərinə görə də, hakimiyyət bu hərəkatı nüfuzdan salmaq üçün prezident sarayına belə “hücum” səhnəsini təşkil edib. Amma bu da işləməyəcək, çünki bu hadisədən sonra da dinc hərəkat davam edir.

Bu, Konstitusiyanı müdafiə etmək üçün mövcud olan bir hərəkatdır, Konstitusiyaya hücum üçün yox. Bu, ölkənin Avropaya inteqrasiyasını sabitləşdirmək məqsədi daşıyan hərəkatdır, ölkəni qeyri-sabitliyə sürükləmək üçün yox. Çünki bu hərəkatın bütün iştirakçıları çox yaxşı bilirlər ki, istənilən qeyri-sabitlik forması yalnız qonşumuzun – Rusiyanın xeyrinə işləyəcək. Sxinvalidə (Cənubi Osetiya) Rusiya bazaları yerləşir - Tbilisidən cəmi 40 kilometr məsafədə. Buna görə də sağlam düşüncəli heç kim ölkədə qeyri-sabitlik yaratmaq niyyətində deyil. Bu hərəkat dincdir və belə qalacaq”.