BAKI, 8 oktyabr. TELEQRAF
“Avropa bürokratiyası gürcü xalqına qarşı qəzəblidir, amma ümid edirəm ki, xalqa siyasi seçimlərinə görə cəza vermək kimi bir axmaqlıq etməyəcəklər”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Düşünmürəm ki, onlar bu qədər apraqmatik addım atsınlar, baxmayaraq ki, indiyədək bir çox belə qərar veriblər. Avropa İttifaqının mətbuat katibi çıxıb Paata Burçuladze tərəfindən elan edilmiş hökuməti devirmə cəhdini açıq şəkildə dəstəkləyir — görürsünüzmü, Avropa bürokratiyası hansı absurd vəziyyətə düşüb.
Bu şəraitdə artıq heç nəyə təəccüblənmək olmur, amma mən yenə də inanmıram ki, qəzəblərinə baxmayaraq, gürcü xalqını — onun seçimini, sülh və azadlıq uğrundakı mübarizəsini vizasız rejimin ləğvi ilə cəzalandırmaq kimi apraqmatik olmayan bir addım atsınlar.
Biz Avropaya inteqrasiya üçün hər şeyi edirik. Qalanı Avropa İttifaqının nə dərəcədə praqmatik olacağından asılıdır. Əgər praqmatik yanaşsalar, 2030-cu ildə Avropa İttifaqının üzvü olacağıq”, - baş nazir qeyd edib.