BAKI, 8 oktyabr. TELEQRAF
“Hakimiyyəti devirmək cəhdləri və zorakılığı qınamamaq hakimiyyəti devirmə və zorakılığı dəstəkləməyin dolayı, amma aydın ifadəsi kimi izah edilə bilər”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, son günlər ərzində heç bir təşkilat və ya dövlət, o cümlədən ABŞ, Avropa İttifaqı və Aİ-nin konkret ölkələri xalq tərəfindən seçilmiş hökumətin devrilməsinə yönəlmiş cəhdləri qınayan bəyanat verməyib.
“Elan edilmiş məqsədi gürcü xalqının seçdiyi hökuməti devirmək olan Gürcüstan prezident sarayına şiddətli basqından dörd gün keçir. Amma bu günlər ərzində Gürcüstanda baş verən daxili siyasi hadisələri dərhal dəyərləndirmək, ölkəni tənqid etmək, ona göstərişlər vermək iddiasında olan heç bir təşkilat və ya dövlət, o cümlədən ABŞ, Avropa İttifaqı və konkret Aİ ölkələri xalqın seçdiyi hökuməti devirmək cəhdini, Gürcüstanın prezident sarayına zorakılıqla basqını pisləyən və bunlardan uzaq olduqlarına dair bəyanatla çıxış etməyib. Əksinə, Avropa İttifaqı, BMT və digər subyektlər hətta əks mövqedə bəyanatlar verməyə cəsarət ediblər.
Əlbəttə, hakimiyyəti devirmək cəhdləri və zorakılığı qınamamaq, hakimiyyəti devirmə və zorakılığı dəstəkləməyin dolayı, amma aydın ifadəsi kimi başa düşülə bilər”, - İrakli Kobaxidze vurğulayıb.