BAKI, 8 oktyabr. TELEQRAF
Gürcüstan Müdafiə Nazirliyində Gürcüstan Kibertəhlükəsizlik Bürosu və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Xidmətinin nümayəndələri arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, Kibertəhlükəsizlik Bürosunun rəhbəri Luka Mqeladze Azərbaycan nümayəndə heyətinin nümayəndələrini büronun strukturu və məqsədləri ilə tanış edib, həyata keçirilən və planlaşdırılan layihələrdən danışıb.
Kibertəhlükəsizlik Xidmətinin rəisi polkovnik-leytenant Elşən Həsənov Azərbaycanın müvafiq xidmətinin fəaliyyətindən bəhs edib. Tərəflər kibertəhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəliblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin nümayəndələri David Aqmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasında olub, burada İnformatika üzrə bakalavr proqramının kursantları ilə görüşüblər.
Nümayəndə heyətinin üzvləri Şindisi Memorialını da ziyarət edərək, burada Gürcüstan qəhrəmanlarının xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, bu, iki ölkənin kibertəhlükəsizlik qurumlarının nümayəndələri arasında ikitərəfli əməkdaşlıq planı çərçivəsində üçüncü görüşdür.