BAKI, 7 oktyabr. TEKEQRAF
“Gürcüstanda ikinci cəbhənin açılmasına çox güclü maraq var idi”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“İki istiqamətdən müharibə başlanmalı idi — Rusiyanın Ukraynada hərbi müdaxiləyə başlayacağı və hərbi aqressiya həyata keçirəcəyi anda Gürcüstanda da hərbi əməliyyatlar başlamalı idi. Amma bu ssenari baş tutmadı, çünki gürcü xalqı “Gürcü Arzusu”nu seçdi, “müharibə partiyasını” yox. Burada söhbət yerli “müharibə partiyasından” gedir. Gürcü xalqının dəstəyi ilə 2022-ci ildən etibarən gördüyümüz o misilsiz aqressiyadan özümüzü qorumağı bacardıq.
(Qərbdən) Bizə gələnlər qapalı görüşlərdə açıq şəkildə Gürcüstanın müharibəyə qoşulmasını tələb edirdilər, ictimaiyyət qarşısında isə sanksiyalara qoşulmağı istəyirdilər ki, bu da eskalasiyaya doğru addım idi. Həmçinin döyüşçü könüllülərin göndərilməsini tələb edirdilər, bu isə Gürcüstanın birbaşa müharibəyə cəlb olunması demək idi. Bunu açıq şəkildə Ukrayna hakimiyyəti bəyan edirdi — ikinci cəbhə məsələsini”, - baş nazir bildirib.
İrakli Kobaxidze qeyd edib ki, Gürcüstan müxalifəti o zaman buna qarşı çıxmayıb:
“Həmçinin Ukrayna hakimiyyətinin bizdən tələb etdikləri doğru deyil, Zelenskinin baş müşavirinin ikinci cəbhə istəməsi düzgün addım deyildi.
Heç bir beynəlxalq subyekt — nə ABŞ-nin o vaxtkı administrasiyası, nə də Avropa İttifaqının nümayəndələri çıxıb dedi ki, Gürcüstandan ikinci cəbhə açmağı tələb etməyin. Müharibə 24 fevralda başladı və Zelenski müharibənin başlanmasından cəmi bir neçə gün sonra səfirini Gürcüstandan geri çağırdı, çünki biz (Rusiyaya) sanksiyalar tətbiq etmədik və könüllü döyüşçülər göndərmədik”.