BAKI, 3 oktyabr. TELEQRAF

“Avropa İttifaqı istəyir ki, Gürcüstanda hakimiyyəti onlar təyin etsinlər, bununla razılaşa bilmərik”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Avropa ilə inteqrasiya baxımından hər şey aydındır, assosiasiya sazişinin də bir hissəsi bununla və azad ticarətlə bağlıdır. Gürcüstanın Avropa İttifaqına fayda verə bilməsi üçün enerji daşıyıcılarının çatdırılması istiqamətində dəhliz təklif etdiyi məlumdur, bu baxımdan Gürcüstan Avropa İttifaqı ilə ən yaxşı şəkildə əməkdaşlıq edir. Yeganə məsələdə isə razılaşa bilmirik – gürcü xalqı istəyir ki, öz hakimiyyətini özü seçsin, Brüsseldə isə bəziləri istəyirlər ki, hakimiyyəti onlar təyin etsinlər”, - spiker bildirib.

Papuaşvili qeyd edib ki, Avropada hələ də yüz il əvvəlki düşüncə ilə hərəkət edənlər var: “Bəzi insanların hələ də yüz il əvvəlki mentalitetdə qalırlar, görünür, düşünürlər ki, başqa ölkələrdə süngü və zorakılıqla öz iradələrini keçirə bilərlər”.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək.