BAKI, 1 oktyabr. TELEQRAF

“Zorakılığın Milli Hərəkat (keçmiş prezident Mixail Saakaşvilinin partiyası – red.) tərəfindən planlaşdırıldığı açıq şəkildə bəyan edilib, onların oktyabrın 4-də zorakılıq planlaşdırdıqları aydındır. Avropa Komissiyasının sözçüsü də Milli Hərəkatın planlaşdırdığı zorakılıqla həmrəylik ifadə edib, bu, şok qalmaqaldır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Oktyabrın 4-də Milli Hərəkat və mitinqin digər təşkilatçıları və ya iştirakçıları tərəfindən baş verən hər hansı zorakılığa görə Avropa Komissiyası da onun sözçüsü timsalında məsuliyyəti bölüşür, bir də Avropa İttifaqı səfirliyi. Ona görə də hər kəsə bir daha deyirəm: bir zorakılıq baş versə, bir daş atılsa belə, Avropa dəyərlərinin təməl daşlarından biri kimi görünən “Molotov kokteyli” və digər pirotexniki vasitələrdən danışmıram, təqsirkarlarla həmrəy olanlar məsuliyyət daşıyacaqlar”, - spiker bildirib.

Şalva Papuaşvilinin sözlərinə görə, dövlət baş verənləri müşahidə edir:

“Yerli terrorçuların hazırlanması üçün müxtəlif sxemlərdən, o cümlədən təhsil müəssisələrindən necə istifadə etdiklərini görmüşük. Bütün bunlar müşahidə altındadır. Bütün məlumatlar məlumdur. Zorakılıq faktı olan kimi, müvafiq cinayət məsuliyyəti üçün kifayət qədər ilkin şərtlər yaranan kimi, dövlət hərəkətə keçəcək. Hamı, o cümlədən Brüsseldən hər bir bürokrat bilsin ki, Gürcüstanı 90-cı illərə qaytarmağa qoymayacağıq”.

Xatırladaq k, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. Həbsdə olan Mixail Saakaşvili vətəndaşları ayıq-sayıq olmağa, seçkilər günü küçələrdə olmağa çağırıb.