TBİLİSİ, 29 sentyabr. TELEQRAF
“Moldova MDB-nin üzvü qaldıqca onu təbrik etmək bizim üçün çətin olacaq”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərin Moldovada keçirilmiş parlament seçkiləri ilə bağlı sualına cavabında deyib.
Baş nazir bildirib ki, “Gürcü Arzusu” Moldovanın birlikdən çıxmasını gözləyəcək:
“Moldova MDB-dən çıxandan sonra təbrik məsələsinə yenidən baxacağıq”.
Qeyd edək ki, ötən gün Moldovada baş tutmuş seçkilərdə Prezident Maya Sandunun hakim Fəaliyyət və Həmrəylik Partiyası qalib gəlib. Gürcüstanın müxalifət partiyaları və sabiq prezident Salome Zurabişvili M.Sandunu qələbə münasibətilə təbrik edib.
Moldova və Gürcüstan arasındakı münasibətlərdə gərginlik hökm sürür. M.Sandu Gürcüstandakı etirazlarda “dinc nümayişçilərə qarşı zorakılıq halları”nı pisləyib və “gürcü xalqının azadlıq uğrunda mübarizəsi”nə dəstək ifadə edib.
Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən bir il sonra Gürcüstan MDB-də üzvlüyünü dayandırıb.