TBİLİSİ, 27 sentyabr. TELEQRAF

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının konstitusiyaya zidd elan edilməsi üçün oktyabr ayında Konstitusiya Məhkəməsinə müvafiq iddia təqdim olunacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

O, bu prosesin demokratik olduğunu qeyd edib:

“Bu, demokratik prosesdir və iddia Konstitusiya Məhkəməsinə mütləq təqdim olunacaq”.

Qeyd edək ki, Gürcüstan parlamenti VMHP-nin ölkə konstitusiyasına zidd elan edilməsi üçün sentyabrın 3-də xüsusi qətnamə qəbul edib. Qətnamə ilə parlamentin müvəqqəti komissiyasının 2003-2012-ci illərdə hakimiyyətdə olmuş rejimin dövründə törədilmiş cinayət faktlarının yer aldığı 460 səhifəlik hesabatı təsdiqlənib.

Xatırladaq ki, M.Saakaşvili VMHP-ni 2001-ci ildə təsis edib. Siyasi təşkilat 2004-2012-ci illərdə Gürcüstanın hakim partiyası olub.