TBİLİSİ, 26 sentyabr. TELEQRAF
“Tbilisi Outlet Kəndi” (“Tbilisi Outlet Village”) yalnız Gürcüstanda deyil, Cənubi Qafqazda ilk müasir outlet mərkəzidir. Bu məkan Gürcüstan vətəndaşları ilə yanaşı, müxtəlif ölkələrdən olan qonaqları da özünə cəlb edəcək”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Tbilisi Outlet Village” mərkəzinin açılışında çıxışı zamanı deyib.
“Bu şəhərciyin yerləşdiyi yer elə seçilib ki, qonşu ölkələrdən, xüsusən də Azərbaycan və Ermənistandan qonaqları çox asanlıqla cəlb edəcək. Mərkəz yalnız alış-verişin deyil, əyləncə və istirahətin də episentri olacaq”, - o söyləyib.
İ.Kobaxidze layihənin Gürcüstanda reallaşdırılmasının çox vacib olduğunu qeyd edib:
“Bu onu sübut edir ki, iqtisadi artımla yanaşı Gürcüstanda biznesin aparılmasına inam da artır. 80 milyon larilik sərmayə ümumilikdə biznes və investorların ölkəmizdə yaradılmış iqtisadi mühitə inamının sübutudur”.