TBİLİSİ, 26 sentyabr. TELEQRAF
“ABŞ ilə münasibətlərə yenidən başlamaq bizim əsas prioritetlərimizdən biridir və bu barədə dəfələrlə bəyanatlar səsləndirmişik. Şəxsən özüm də bununla bağlı bir neçə dəfə açıqlamalar vermişəm”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstanın ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpasının tərəfdarı olduğunu bildirib.
“Bu, olduqca açıq mesajdır. Biz cavab addımları gözləyirik və onların atılacağına ümid edirik”, - İ.Kobaxidze əlavə edib.
Qeyd edək ki, ABŞ-nin əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün bildirib ki, ABŞ lideri Donald Tramp ona münasibətlərin təmiz səhifədən başlanması məsələsinə qayıdacağına söz verib.