BAKI, 24 sentyabr. TELEQRAF
“Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyərək, mənim tezislərimi məhv etdi, sonra müharibə başladı”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bildirib.
“O, Xankəndidə “Qarabağ Ermənistandır” deyərək, mənim tezislərimi məhv etdi və müharibəyə səbəb oldu. Mənim Qarabağ siyasətimin onun siyasəti ilə heç bir əlaqəsi yoxdur”, - sabiq prezident qeyd edib.
Qeyd edək ki, Levon Ter-Petrosyanın “pozulan tezislər” ifadəsi onun Azərbaycana qarşı separatçı iddialarına və ya Qarabağda işğalın davam etməsi niyyətlərinə əsaslanır. Ümumiyyətlə, o, son zamanlarda tez-tez Ermənistan-Azərbaycan sülh sazişinə müxalifliyi ilə gündəmə gəlir. Avqustun 8-də Vaşinqtonda Bakı və İrəvanın sülh sazişini paraflamasına qarşı açıq mövqe sərgiləyən sabiq prezident 1990-cı illərdəki işğal ortağı Rusiyanı prosesə aktiv müdaxiləyə çağırışları ilə də diqqət çəkir.
1990-cı illərdə Azərbaycan əraziləri işğal edilərkən Ermənistana rəhbərlik etmiş Petrosyan tez-tez ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş fikirlər də səsləndirir. Onun ötən günlərdə yerli KİV-də yayılmış məqaləsi bu baxımdan uydurma iddialar və tarixi saxtakarlıqlarla zəngindir. İşğal dövründə “Ermənistanda ən loyal siyasi liderlərdən biri imici”ni formalaşdıran Petrosyan Azərbaycanın Qarabağı azad edərək öz ərazi bütövlüyünü təmin etməsindən sonra əsl simasını ifşa edib. O, hazırda Ermənistanda revanşist qüvvələrin başında dayananlardan və “Böyük Ermənistan” xülyasını gündəmdə saxlamağa çalışanlardan biridir.