BAKI, 23 sentyabr. TELEQRAF
Birinci Qarabağ müharibəsində Azərbaycanın Şuşa şəhərinə ilk girən Ermənistanın işğalçı qüvvələrinin tankının komandiri Qaqik Avşaryan ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan məlumat verib.
Həmin tank işğalçılar tərəfindən “qələbə rəmzi” kimi Şuşanın girişindəki təpəliyə qoyulmuşdu.
“Abidə” Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra götürülüb. Hazırda tank Bakıda Hərbi Qənimətlər Parkındadır.
Qeyd edək ki, tank Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrin kapitanı və Birinci Qarabağ müharibəsi şəhidi Albert Aqarunov tərəfindən vurulub.
1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Albert Aqarunov müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub edib. Aqarunovun sərrast atışı nəticəsində vurulan T-72 tankının iki ekipaj üzvü Aşot Avanesyan və Şahin Sərkisyan məhv edilib, Qaqik Avşaryan isə qaçıb.