TBİLİSİ, 22 sentyabr. TELEQRAF

“Oktyabrın 4-də seçkilər də, aksiyalar da çox dinc şəraitdə keçəcək. Ən əsası odur ki, kimsə qanunu pozmaq barədə düşünməsin”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müxalifətin seçki gününə təyin etdiyi aksiyaları şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər kimsə qanunu pozmağa cəhd etsə, hüquq-mühafizə orqanlarının yeni rəhbərliyinin real gücünü görəcək:

“Gürcüstan demokratik dövlətdir. Hamı toplaşa bilər, lakin bu, qanun çərçivəsində olmalıdır. Əgər kimsə qanunu pozmağı düşünərsə, əlbəttə ki, layiqli cavabını alacaq. Onlara qanunu pozmamağı məsləhət görürəm”.

Baş nazir qeyd edib ki, radikal müxalifət nə mer, nə də 64 bələdiyyədə şəhər şuralarına seçkilərdə qələbə qazana biləcək.

Xatırladaq ki, Gürcüstanda yerli seçkilər oktyabrın 4-də keçiriləcək. Seçicilər Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.

Səsvermənin təşkili üçün ölkə üzrə artıq 3 051 seçki məntəqəsi yaradılıb. Seçkilərdə 12 siyasi partiya iştirak edəcək. Müxalifət seçki gününə “dinc inqilab”a nail olmaq məqsədilə Tbilisidə mitinq təyin edib.