BAKI, 20 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin Yutub kanalına müsahibə verib.
Teleqraf xəbər verir ki, o, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub.
Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan sülh prosesindən danışan ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırıb:
“Albaniyanı (Ermənistanı nəzərdə tutur – red.) gördünüz. Bu, Albaniya ilə Azərbaycan arasında 34-35 il davam edən böyük bir şey vardı. Fikir verin. Demək istəyirəm ki, bu, illərdir davam edirdi və mən onların liderlərini tanıdım. Onlarla bir az söhbət etdim və dedim ki, siz niyə döyüşürsünüz? Sonra söylədim ki, siz döyüşəcəksinizsə, mən də ticarət müqaviləsi imzalamayacağam.
Nəhayət, bir şey digərinə gətirib çıxardı və mən bunu bacardım. Bəzi insanların dediyinə görə, bu, mənim edə bilməyəcəyim bir şeydir, amma mən bunu həll etdim”.
Tramp iddia edib ki, o, 34-35 il müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasında, onların barışmasında müsbət rol oynayıb və bunu o edib. ABŞ prezidenti bir müddət məşğul olduğu məsələnin müsbət razılaşma ilə yekunlaşdığını söyləyib.
Amerika lideri avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü də xatırladaraq qeyd edib ki, ölkələrin liderlərini razılaşma imzalandıqdan sonra bir-birini təbrik etməsini görməkdən xoşbəxt olub.