TBİLİSİ, 16 may. TELEQRAF
Gürcüstanın Tbilisi şəhərində, Kvemo Kartli və Sameqrelo bölgələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “oğru dünyası” ilə əlaqəli 8 nəfər saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, saxlanılan “oğru aləmi”nin üzvləri və “oğru dünyası”nın tərəfdarları şəxsi maraqları naminə vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrinin həllinə cəlb olunublar, xaricdəki “qanuni oğrularla” əlaqə saxlayıblar. Onların üzərilərinə və yaşayış yerlərinə baxış zamanı bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları kompüter texnikası və mobil telefonlar maddi sübut kimi müsadirə edilib.
“Oğru dünyası” ilə əlaqəsi olan 2-si “qanuni oğru” olmaqla 3 nəfərə qiyabi ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.