BAKI, 15 may. TELEQRAF
"Dünən parlamentdə söyüş söyərək, həmkarlarını təhqir edən “Ermənistan” fraksiyasının deputatı, sabiq prezident Robert Köçəryanın oğlu istefa verməlidir".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan deyib.
“Robert Köçəryanın oğlu parlamentdə söyüş söydü, (hakim partiyadan olan) həmkarlarını təhqir elədi. İndi ondan soruşmaq lazımdır ki, istefaya hazırlaşır, ya yox”, - Aleksanyan bildirib.
Hakim partiyanın üzvü belə hallarda ən doğru qərarın istefa ola biləcəyini söyləyib.
Xatırladaq ki, dünən Ermənistan parlamentinin iclası zamanı hakim partiyanın deputatı, vitse-spiker Akop Arşakyanla Levon Köçəryan arasında dava olub. Mübahisə ilə başlayan gərginlik əlbəyaxa davaya çevrilib. Levon hakim partiyanın üzvlərini təhqir edərək, onları söyüb.