BAKI, 17 mart. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ermənistana mümkün hərbi texnikaların göndərilməsi ilə bağlı Rusiyanın RT (“Russia Today”) agentliyinin yaydığı məlumatı şərh etmir.

Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” in sualına cavab olaraq ABŞ Müdafiə Nazirliyi bildirib.

“ABŞ Ermənistanla münasibətlərini yüksək qiymətləndirir. Müdafiə Nazirliyi əməliyyat təhlükəsizliyinə görə hərbi texnikanın hərəkətini şərh etmir”, - Pentaqon qeyd edib.

Ermənistan Müdafiə Nazirliyi hələlik iddiaya rəsmi cavab verməyib.

Xatırladaq ki, bundan əvvəl RT ABŞ Ordusunun Maddi-Texniki Təminat Komandanlığının mümkün hərbi təlimlər üçün Almaniyanın Dülmen hərbi bazasından Ermənistandakı Zar poliqonuna hərbi texnika göndərməyi planlaşdırdığı barədə məlumat yayıb. İddiaya görə, texnikaların göndərilməsi iyulun 16-dan avqustun 7-dək, Almaniyaya qaytarılması isə avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub.