TBİLİSİ, 25 fevral. TELEQRAF

Gürcüstanda televiziya və radio kanallarının xaricdən birbaşa və yaxud dolayı yolla maliyyələşməsi qadağan olunacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı hakim “Gürcü Arzusu” partiyası “Yayım haqqında” qanuna dəyişikliklər hazırlayıb.

Qanun layihəsinə əsasən, məhdudiyyətlər kommersiya reklamlarına şamil edilməyəcək, lakin sosial reklamın xaricdən maliyyələşməsinə qadağa tətbiq olunacaq.

Digər əsas dəyişikliklərlə xəbər proqramlarında siyasi xadimin və yaxud siyasi partiya üzvünün aparıcı, müsahibə alan və ya jurnalist qismində iştirakına icazə verilməyəcək. Həmçinin hər hansı bir siyasi, ictimai təşkilata, dini birliyə və yaxud digər maraqlı qrupa dəstəyin və yaxud məzəmmətin ifadə edilməsi mümkün olmayacaq.

Dəyişikliklər layihəsinin yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.