
BAKI, 20 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən keçən qısa müddətdə elə sürət götürüb ki, beynəlxalq aləm onun istənilən addımından yaxşı heç nə gözləmir.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Tramp və komandasının üzvləri Ukrayna ilə bağlı faktiki Rusiya lideri Vladimir Puitnin söylədiklərini təkrarlayırlar:
“Onlar Putinin Krımı və Şərqi Ukrayna ərazilərini geri qaytarmaq mümkün olmayacaq”, “Ukrayna NATO üzvü olmayacaq”, “Zelenskinin səlahiyyət müddəti bitib” və sair kimi fikirlərini təkrarlayırlar. Baxmayaraq ki, Tramp prezidentliyinin birinci müddətində Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa zərər verəcək addım atmayıb, budəfəki prezidentliyinin bizim üçün neçə keçəcəyi sual altındadır.
Bu arada, ABŞ-dəki erməni lobbisi Tramp və ətrafındakılara davamlı məktublar göndərir, Azərbaycanı “cəzalandırmağı” tələb edirlər. Əlbəttə, bu məktublara fikir verməmək də olar, ancaq Trampın ətrafındakı bir sıra fiqurların yaxın keçmişdə erməni lobbisi, Ermənistan və Qarabağ separatçıları ilə bağlılığı narahatlığımız üçün əsas verir.
Prezidentin köməkçisi Hikmət Hacıyevin qısa müddətdə İsrailə ikinci səfərini Azərbaycan–ABŞ münasibətləri aspektindən də dəyərləndirmək olar. Hikmət Hacıyev budəfəki səfərində İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Netahyahu Trampın bir nömrəli müttəfiqidir. Təsadüfi deyil ki, Tramp andiçmədən sonra ilk xarici qonaq kimi Netanyahunu Ağ Evə dəvət eləmiş, onunla geniş fikir mübadiləsi aparmışdı”.
Elxan Şahinoğlunun fikrincə, Netahyahu Azərbaycanla ABŞ arasındakı dialoqun formalaşmasında körpü rolunu oynaya bilər:
“Əsas odur ki, Vaşinqton Cənubi Qafqaz siyasətini doğrular üzərində müəyyənləşdirsin.
Tramp Putinlə sövdələşməyə hazırlaşır. Bu sövdələşmə Ukraynanın zərərinə olduğu kimi, Cənubi Qafqaz üçün də təhlükələr yarada bilər. Ona görədə, həmin günü gözləmədən Azərbaycanla Ermənistan arasında məsələlərin qısa müddətdə həllinə ehtiyac var.
Ermənistan Baş naziri Nikol Paşinyan təhlükəni hiss edərək, erməni xalqına konstitusiyanın dəyişdirilməsi vacibliyi barədə açıqlama verib. Nəhayət, Paşinyan sülhün əldə olunmasında əsas maneəni ortadan qaldırmağa qərar verib. Real addımlar gözləyirik. Nə qədər ABŞ və Rusiyanın başı Ukraynaya qarışıb, bu ikilinin Cənubi Qafqaza hər hansı formada müdaxiləsini gözləmədən Azərbaycanın tələbləri çərçivəsində sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması vacibdir”.