BAKI, 22 sentyabr. TELEQRAF
“Çin Orta Dəhlizin inkişafında əsas hərəkətverici qüvvədir. Bunu onun “Bir Kəmər, Bir Yol” təşəbbüsünə və Çin-Avropa dəmir yolu layihəsinə verdiyi möhkəm dəstək də açıq şəkildə təsdiqləyir”.
Teleqraf xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili deyib.
Nazir Çində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı keçirilən görüşdə qeyd edib ki, dəmir yolu, liman və rəqəmsal infrastruktura strateji investisiyalar yatırmaqla Çin regional ticarətin inkişafında mühüm rol oynayır, Mərkəzi Asiya və Cənubi Qafqazda tərəfdaşlığı gücləndirir və regionun nəqliyyat əlaqələrinin və qarşılıqlı bağlılığının möhkəmlənməsinə töhfə verir.
“Gürcüstan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə tam hazır olduğunu bildirir və artıq onların həyata keçirilməsi prosesində fəal iştirak edir. Biz strateji qərarlarımızı bütün marşrut boyunca konkret və nəzərəçarpacaq nəticələrə çevirmək üçün Çin və Orta Dəhliz kontekstində iştirak edən ölkələrlə sıx əməkdaşlığa hazırıq”, - Mariam Kvrivişvili vurğulayıb.