BAKI, 23 sentyabr. TELEQRAF

“Regionda və Ermənistanda baş verən ciddi dəyişikliklər İrəvan-Moskva münasibətlərinə təsir etməyə bilməzdi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Araik Arutyunyan deyib.

O iddia edib ki, artıq Ermənistanda müstəqilliyə və dövlətçiliyə münasibətdə tələbkar cəmiyyət formalaşıb və bu reallıq xüsusilə Rusiya ilə münasibətlərdə nəzərə alınmalıdır:

“Münasibətləri yenidən formalaşdırmalıyıq, çünki kağız üzərində müttəfiqlik münasibətlərindən bəhs edilsə də, illər ərzində konkret dövrlərdə imzalanmış ikitərəfli və çoxtərəfli öhdəliklərin yerinə yetirilmədiyi problemlərlə qarşılaşmışıq”.

Arutyunyan qeyd edib ki, tərəflərin mövqelərini, maraqlarını və münasibətlərin gələcək məntiqini müzakirə etmək lazımdır. O vurğulayıb ki, belə bir müzakirədən sonra Ermənistan-Rusiya münasibətləri uğurla inkişaf edəcəyi təqdirdə yeni məzmun və yeni məntiqlə inkişaf meyli əldə edə bilər.

“Sənədlərdə bir şey yazılıb, reallıqda isə tamamilə başqa şey baş verir”, - deputat əlavə edib.